Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Monteneqroda səfərdədir
Monteneqronun paytaxtı Podqoritsa şəhərində iki ölkə hökumətləri arasında Monteneqro-Azərbaycan biznes forumu və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib. Bu tədbirlərdə iştirak etmək üçün Azərbaycandan Komissiyanın həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqroda səfərdə olub. Nümayəndə heyəti Azərbaycanın dahi şairi və dramaturqu Hüseyn Cavidin Podqoritsa şəhərindəki “Kral parkı”ndakı büstünü ziyarət edib, gül dəstələri qoyub.
Nazir Sahil Babayev və Monteneqro Birgə Komissiyasının həmsədri, Monteneqro Baş nazirinin iqtisadi siyasət üzrə müavini və iqtisadi inkişaf naziri Nik Qjelosay komissiyanın 3-cü iclası çərçivəsində keçirilən Monteneqro-Azərbaycan biznes forumunun açılış mərasimində iştirak ediblər.
Tədbirdə çıxış edən S.Babayev Azərbaycan ilə Monteneqro arasında əlaqələrin daim dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini bildirmiş, əlaqələrimizin gələcək inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun əhəmiyyətini qeyd etmişdir. İki ölkənin ticarət həcminin artdığını deyən Babayev bu artımın ötən il 54,32 faiz olduğunu bildirib.
Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin qurulmasında və inkişaf etdirilməsində belə biznes forumların əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu günə qədər Bakıda və Podqoritsada dörd biznes forum və işgüzar görüş keçirilib. Bugünkü biznes forumda Azərbaycandan 10, Monteneqrodan isə 5 şirkət iştirak edib.
Monteneqro İqtisadiyyat Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən biznes forumda çıxış edən N.Qjeloşay ölkəsi ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və bu istiqamətdə əzmkar işlərin aparıldığını bildirib.
Birgə Komissiyanın iclasında Komissiyanın həmsədrləri ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu vurğulayaraq, əlaqələrimizin dərinləşməsi üçün qarşılıqlı səyləri uğurla davam etdirmək barədə razılığa gəldiklərini bildiriblər. Görüşdə Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığın gələcək istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb və ticarət həcminin daha da artırılması üçün böyük potensialın olduğu bildirilib.
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın gələcək perspektivləri, enerji, nəqliyyat, investisiyaların qarşılıqlı təşviqi, turizm, kənd təsərrüfatı, əmək və sosial müdafiə, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Bundan əlavə, qarşılıqlı maraq doğuran məsələlər və bərpa olunan enerji kimi prioritet sektorlar üzrə təcrübə mübadiləsi imkanları müzakirə olunub.
İclasın sonunda S.Babayev və N.Qjeloşaj Birgə Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokolu imzalayıblar. Bu sənəddə əməkdaşlığın gələcək istiqamətləri öz əksini tapıb.