Prezident Sahil Babayevlə bağlı müzakirələrə nöqtə qoydu: “Böyük işlər görüb”

“Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir”.

Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə giriş nitqində deyib.

Ölkə başçısı sözlərinə belə davam edib:

“Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər – o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.

Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır. İndi dünyada o qədər müharibələr olub – bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın ola yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik”.

Prezident qeyd edib ki, bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək.
“Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır, özü də bizim qarşımızda bu boyda işlər ola-ola”, – deyə ölkə başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close