Sahil Babayev erməni təcavüzünə qarşı Azərbaycanın haqq savaşından bəhs edib
Sahil Babayev erməni təcavüzünə qarşı Azərbaycanın haqq savaşından bəhs edib.
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi ilə görüşdə Sahil Babayev erməni təcavüzündən və bu təcavüzə qarşı Azərbaycanın haqq savaşından bəhs edib. O, bildirib: “BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması ilə bağlı 4 qətnamə qəbul etsə də, Ermənistan bu qətnamələrə əhəmiyyət vermədən otuz ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlayır və ölkəmizə qarşı hərbi təxribatlar törətməyə davam edir. 27 sentyabrdan etibarən isə Ermənistan ordusu tərəfindən yaşayış ərazilərimiz və hərbi birləşmələrimizin mövqeləri ağır artilleriya atəşinə məruz qalıb. Ordumuz düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları həyata keçirir və işğal altında olan torpaqlarımızın artıq bir hissəsini işğaldan azad edib.
Nazir Sahil Babayev erməni təcavüzü nəticəsində Azərbaycan tərəfindən 30 mülki şəxsin həlak olduğunu və 143 nəfərin bədən xəsarətləri aldığını söyləyib. 66 mülki obyekt və 427 fərdi yaşayış evi yararsız hala düşüb. Azərbaycan Ermənistanın işğalçılığına son qoymaq üçün haqq savaşındadır və ölkəmizin ərazi bütövlüyü beynəlxalq səviyyədə, bütün dünya tərəfindən dəstəklənir.
Nazir eyni zamanda əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan sosial dəstək tədbirləri barədə də Vada Cüniçiyə məlumat verib. O, vurğulayıb ki, sosial inkişafın təmin olunmasının İlham Əliyevin siyasətində əsas istiqamətlərdəndir. İqtisadi əməkdaşlığın iki ölkə – Azərbaycan və Yaponiya arasında əlaqələrin prioritet istiqamətini təşkil etdiyini də nitqinə əlavə edib.
Yaponiyanın Azərbaycandakı səfiri Cüniçi də ölkəmizdə diplomatik fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin, eyni zamanda sosial sahədə əməkdaşlığın da inkişafı üçün səylərini artırmaq əzmində olduğunu söyləyib.