Sahil Babayev erməni faşizminə qarşı döyüşən müharibə əlillərinin sosial təminatından danışıb
Sahil Babayev erməni faşizminə qarşı döyüşən müharibə əlillərinə və şəhid ailələrinə ev və mənzillərin təqdim edilməsi işlərinin uğurla davam etdiyini və bu vaxta qədər doqquz mindən çox şəhid ailəsinin və müharibə ilə bağlı əlilliyi olan şəxslərin fərdi ev və mənzillə təmin edildiyini söyləyib. Bununla yanaşı müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə isə yeddi mindən artıq avtomobil təqdim edildiyini söyləyib.
Cari ilin ötən dövründə isə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nəzərən 1 milyard manatdan çox vəsait ödənilib. Bu barədə nazir Sahil Babayev Milli Məclisdə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üzrə büdcə zərfi haqqında danışarkən qeyd edib.
Nazir Sahil Babayev on bir ay üzrə ödənilən vəsaitdə özünü göstərən məbləğ artımının 700 milyon manatdan artığının pensiya, qalanın isə təqaüd, müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərdəki artımlar olduğunu vurğulayıb.
Ümumi olaraq isə bu ilin yanvar-noyabr ayları ərzində pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən məbləğ 5 milyard 264 milyon manat təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sosial infrastrukturun müasirləşdirilməsi və genişləndirilməsi işləri barədə də Milli Məclisdə çıxışı zamanı məlumat verib. Nazir son bir il yarım ərzində Nazirlik tərəfindən doqquz reabilitasiya mərkəzinin yenidən qurularaq və ya tikilərək istifadəyə verildiyini söyləyib. Bu müəssisələrin ölkənin bütün əsas regionlarını əhatə etdiyini və yaxın aylarda da bu tip bir sıra reabilitasiya mərkəzlərinin istifadəyə veriləcəyini söyləyib.