Sahil Babayev: 164 qazi ən müasir elektron protezlə təmin edilib
Nazir Sahil Babayev qazilərin yüksək texnologiyaya malik protezlərlə təmin olunduğunu söyləyib. O, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında əlilliyin qiymətləndirilməsi işlərindən bəhs edərkən deyib.
Bildirilib ki, bu ilin ötən dövründə 51 minədək şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 8 min şəxsə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsinin verildiyi, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçinin 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyi qeyd olunub.
Bundan əlavə Sahil Babayev 4 saylı Bakı DOST Mərkəzində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzində olub.
Nazir mərkəzdə şəhid ailələri və qazilərə göstərilən xidmətlərlə tanış olub. Xidmət pəncərələri qarşısında aidiyyəti qurum nümayəndələri və xidmətlərdən yararlanan şəxslərlə söhbət edib, onların göstərilən xidmətlər barədə fikirlərini öyrənib.