Nazir müavini şəhid Vüqar Məmmədovun ailəsini ziyarət etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müavini Anar Kərimov 44 günlük müharibədə şəhid olan Məmmədov Vüqar Elxan oğlunun ailəsini ziyarət edib.
Vüqar Məmmədov Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Füzulinin azadlığına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhid ailəsinin sosial müdafiəsi ilə bağlı müvafiq işlər həyata keçirilib. Ailə birdəfəlik sığorta ödənişi və maddi yardım alıb. Şəhid anası prezident təqaüdü ilə təmin olunur.
Ailə ilə görüşdə şəhid Vüqar Məmmədovun həyatından danışılıb. Onun döyüşlər zamanı göstərdiyi igidliyin vətənpərvərlik və qəhrəmanlıq nümunəsi olduğu vurğulanır.
Nazir Sahil Babayevin müavini ölkəmizdə şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunduğunu, bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb. O, bildirib ki, digər şəhidlər kimi şəhid Vüqar Məmmədovun da ailəsinin həyatı daim diqqət mərkəzində olacaq.