Nazir Emin Əmrullayev Şamaxıda vətəndaşlarla görüş keçirəcək
Elm və Təhsil Naziri Emin Əmrullayev avqustun 23-də Şamaxı şəhərində vətəndaşları qəbul edəcək. Bu qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar qəbula yazılmaq üçün 15 avqust tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrələrinə zəng edə bilərlər. Zənglər yalnız iş günləri və saatları ərzində qəbul edilir. Bununla yanaşı, nazirliyin rəsmi saytının əlaqə bölməsinə elektron müraciət göndərmək və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək mümkündür.
Bu qəbul vasitəsilə vətəndaşlar Elm və Təhsil Nazirliyinə aid suallarını və problemlərini birbaşa nazirə çatdırmaq imkanı əldə edəcəklər. Vətəndaşların müraciətləri əvvəlcədən hazırlanmış siyahı əsasında qəbul ediləcək və müvafiq tədbirlər görüləcək.