Bəxtiyar Vahabzadə kimdir?
Bəxtiyar Vahabzadə kimdir?
Azərbaycan şairi, dramaturqu, ədəbiyyatşünası, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı, SSRİ Dövlət mükafatı laureatı Azərbaycan Respublikası Ali Sovetinin deputatı, millət vəkili Vahabzadə Bəxtiyar Mahmud oğlu və ya Zəkəriyya oğlu 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur.
Yaradıcılığı
Bəxtiyar Vahabzadə yeddi yaşı olmamış məktəbə gedib, sonra Bakıya köçmüş təhsilini burada davam etdirmişdir. O, 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı vaxtlarda yazıçı-alim Mir Cəlal Paşayevin rəhbəri olduğu ədəbiyyat dərnəyinin fəal üzvü olub. “Ağac altı, yaşıl çəmən, bir də ki tünd çay” şeiri ictimaiyyətin diqqətini cəlb etmişdir. Səməd Vurğunun zəmanəti ilə o, Yazıçılar İttifaqına üzv olmuşdur. Ona “Səməd Vurğunun yaradıcılıq yolu” mövzusunda dissertasiyasına görə filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.
O, Azərbaycan Dövlət Universitetində 40 il elmi, elmi-pedaqoji fəaliyyət göstərmişdi. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olan Bəxtiyar Vahabzadə, hər şeydən öncə, qüdrətli şair, nüfuzlu ictimai xadim idi.
Onun ilk mətbu əsəri “Ədəbiyyat qəzeti”də 1943-cü ildə dərc olunmuş “Ana və portret” şeiridir. “Mənim dostlarım” adlı ilk kitabı 1948-ci ildə nəşr olunmuşdur. Sonrakı illərdə onun “Bahar”, “Dostluq nəğməsi”, “Əbədi həyat”, “Çinar” və “Sadə adamlar” kitabları işıq üzü görmüşdür.
“İnsan və zaman” adlı kitabı şairə böyük şöhrət gətirmiş və 1964-cü ildə böyük tirajla buraxılmışdır. Onun bədii əsərlərinin qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir.
Şair 70-dən çox şeir və 11 elmi publisist kitabının, 2 monoqrafiyanın, yüzlərlə məqalənin, həmçinin tarixi və müasir mövzuda 20-dən çox iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir sıra – həmçinin ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
Xalqı oyandırmaq niyyətilə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi bir sıra mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir.
Vahabzadənin şeirlərinə nəzərdən keçirdiyimiz zaman gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.
Ölümü
O, 2009-cu il fevral ayının 13-də, 83 yaşında Bakı şəhərində vəfat etmişdir.